İQTİSADİYYAT
Sentyabrda bankların kredit portfeli artıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Sentyabr ayında bankların kredit portfeli 2.1 faiz və ya 467.7 milyon manat artaraq 22 milyard 281.9 milyon manat olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ay ərzində biznes kreditləri mütləq ifadədə 256.9 milyon manat, istehlak kreditləri 147.6 milyon manat, ipoteka kreditləri isə 63.2 milyon manat artıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.3 faiz təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 81.4 faizi və ya 32 milyard 174.2 milyon manat. Depozit portfelinin 61.4 faizi (19 milyard 755.8 milyon manat) hüquqi şəxslərin, 38.6 faizi (12 milyard 418.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 54.3 faizi (6 milyard 745.4 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 896.1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.5 faizini təşkil edib.