“Şərəfli tariximiz” adlı onlayn tədbir keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin birgə təşəbbüsü ilə ölkəmizin tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü münasibətilə “Şərəfli tariximiz” adlı onlayn tədbir keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə müxtəlif təşkilatları təmsil edən könüllülər tərəfindən ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi, ölkənin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürərək, həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti ilə hazırda qazanılan uğurların əsasını qoyduğu diqqətə çatdırılıb. Dövlətin süquta uğrama, ölkənin parçalanma təhlükəsindən xilas edildiyi bu tarixi günün həqiqətən də vətəndaşlarımız üçün bir qurtuluş, xalqımız üçün sabaha inam günü, şərəfli və xoşbəxt gələcəyin başlanğıc günü olduğu vurğulanıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi “Facebook” səhifəsindən canlı yayımlanan tədbir 10 mindən çox ictimai fəal, könüllü təşkilatları və hərəkatlarının üzvləri tərəfindən izlənilib.
Onlayn tədbirin “Bakı uşaq və gənclər teatrı”nın aktyorlarının da iştirak etdiyi, iki gün əvvəlcədən hazırlanmış bədii hissəsində istedadlı gənc sənətçilərin ifasında vətənpərvərlik ruhunu aşılayan mahnılar səsləndirilib.
Tədbir zamanı, həmçinin ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan və ictimai-siyasi fəaliyyətindən bəhs edən videoçarxlar göstərilib.
Bədii hissə yekunlaşdıqdan sonra tədbir gənclər üçün təşkil olunan intellektual müsabiqə ilə davam etdirilib. Müsabiqədə verilən sualları ən tez doğru cavablayan 10 gənc qiymətli hədiyyələrlə mükafatlandırılıb.