Şərif Əl-Bəsil: Naxçıvanın İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm
Naxçıvan, 9 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil ötən ilin oktyabrında Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında səfərdə olub və ölkəmiz haqqında silsilə məqalələr hazırlayıb.
Birinci səfərində qədim diyardan xoş təəssürat alan Şərif Əl-Bəsil ötən günlərdə Naxçıvana ikinci dəfə səfər edib və diyarımızın tarixi-mədəni abidələri, turizm obyektləri haqqında ətraflı məlumat toplayıb.
AZƏRTAC-a müsahibə verən Şərif Əl-Bəsil əvvəlcə Naxçıvanın turizm imkanları barədə danışıb: “Naxçıvan bir turistin gələ biləcəyi ən gözəl yerlərdən biridir. Burada turistlərin, o cümlədən müsəlman ailələrin mədəni istirahəti üçün geniş imkanlar mövcuddur. Turistlər istər mədəni, istərsə də dini abidələrlə tanış olmaq, istirahət vaxtlarını xoş keçirmək istəyirsə, bu diyara gələ bilərlər. Bu baxımdan Naxçıvanın turizm imkanlarını çox yüksək qiymətləndirirəm. Burada Nuh əfsanəsi ilə bağlı dağlar, eləcə də Əshabi-Kəhf və digər dini-tarixi yerlər mövcuddur. Hesab edirəm ki, turistlər bu məkanlarla bağlı dolğun məlumat almaq üçün buraya gəlməkdə maraqlı olmalıdırlar”.
Muxtar respublikanın müalicəvi turizm imkanlarını xüsusi vurğulayan “Əl-Fəcr” qəzetinin baş redaktoru Naxçıvanın dünyanın ən təmiz və abad şəhərlərindən biri kimi onda xoş təəssürat oyatdığını da bildirib. O qeyd edib ki, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər heç bir əlavə tədbir görmədən, sadəcə Naxçıvandakı Duzdağda istirahət etməklə şəfa tapa bilərlər: “Mən dünyanın bir çox yerində olmuşam. Diqqətimi cəlb edən şəhərlərdən biri də məhz Naxçıvandır. Təmiz, inkişaf etmiş, mədəni bir şəhərdir. Bu diyarı fərqləndirən əsas xüsusiyyətlərdən biri də əmin-amanlığın, sabitliyin hökm sürməsidir. Bunlara həm də onu əlavə etmək istəyirəm ki, Naxçıvan sakinləri mehriban və səmimi insanlardır”.
Şərif Əl-Bəsil Naxçıvanı İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi qiymətləndirərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayır. Bunu Naxçıvanın timsalında da görmək mümkündür. Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması da bu inkişafı xarakterizə edən mühüm göstəricidir. Naxçıvanın bu statusu əldə etməklə İslam ölkələri arasında həmrəyliyin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm. Həmçinin bu il ölkəniz İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışa ev sahibliyi edəcək. Bütün bunlar təsdiq edir ki, Azərbaycan İslam dəyərlərinə və həmrəyliyinə böyük önəm verir.