Şərqşünaslıq İnstitutunda qazaxıstanlı alimlərlə görüş
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Qazax Milli Qızlar Pedaqoji Universitetinin müəllimləri Nurgül Kaliyeva və Aliyə Zadaxanova AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, qazaxıstanlı qonaqlar Şərqşünaslıq İnstitutunun türkoloq alimləri ilə görüşüblər.
Görüşdə Türk filologiyası şöbəsinin müdiri dosent Səriyyə Gündoğdu qazaxıstanlı alimlərə Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri, özünün rəhbərlik etdiyi şöbənin fəaliyyəti barədə məlumat verib.
N.Kaliyeva Qazax Milli Qızlar Pedaqoji Universitetindəki fəaliyyətləri, üzərində çalışdıqları “Kamil insan və dünya anlayışı” layihəsi barədə danışıb. N.Kaliyeva Azərbaycana da bu sahədə mövcud ədəbiyyatla tanış olmaq məqsədilə gəldiklərini bildirib.
Görüşdə Şərqşünaslıq İnstitutunun Türkiyə və Mərkəzi Asiya ölkələri ilə bağlı tədqiqatlar aparan alimləri öz elmi yaradıcılıqları barədə qonaqlara məlumat veriblər.
Sonda N.Kaliyeva və A.Zadaxanova görüş iştirakçılarının suallarını cavablandırıblar.