Şərqşünaslıq İnstitutunda türkiyəli yazıçılarla görüş
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış türkiyəli yazıçılar Sinan Yağmur və Mehmet Nuri Parmaksızla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva institutda türkologiya sahəsində, xüsusən türk ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan bəhs edib. Sinan Yağmur və Mehmet Nuri Parmaksız institutun alimlərinin elmi yaradıcılıqlarını yüksək qiymətləndirib, öz bədii yaradıcılıqları barədə də söz açıblar.
Qonaqlar, həmçinin institutun kollektivi ilə görüşüblər. Yazıçıları tədbir iştirakçılarına təqdim edən G.Baxşəliyeva onların əsərlərinin təkcə Türkiyədə deyil, ölkələrinin sərhədlərindən kənarda, o cümlədən Azərbaycanda sevilərək oxunduğunu qeyd edib, bir sıra təsəvvüfi bioqrafik romanları ilə tanınan Sinan Yağmurun “Eşqin göz yaşları” adı ilə çap olunan silsilə kitablarının bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə edildiyini bildirib. Son 10 ilin ən çox oxunan yazıcısı olaraq kitablarının 14 dilə tərcümə edildiyini vurğulayıb.
Sinan Yağmur şərqşünas alimlərə öz həyat yolu və əsərləri barədə bəhs edərək, yaradıcılığının əsas istiqaməti olan təsəvvüfdən danışıb. Türkiyəli yazıçı Azərbaycan ədəbiyyatının vurğunu olduğunu söyləyib.
Mehmet Nuri Parmaksız öz ədəbi yaradıcılığı və Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyinin rəhbəri kimi fəaliyyətindən bəhs edib.
Sonda türkiyəli yazıçılar görüş iştirakçılarının suallarını cavablandırıblar.