Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
Bakı, 12 iyul, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova VI Beynəlxalq Paris Sosial Elmlər Konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransa onlayn qoşulan şərqşünas alim “XX əsrin sonu-XXI əsrin əvvəllərində Misirin ictimai-siyasi mənzərəsinin yeni dövr ədəbiyyatında inikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Misirin ictimai-siyasi həyatında baş verən tarixi hadisələrin fonunda cəmiyyətdə yaşanan reallıqların həmin dövr ədəbiyyatında inikası istiqamətində aparılmış maraqlı təhlil və nəticələr səsləndirilib. Eləcə də müasir Misir ədəbiyyatında yaranan yeni tendensiyalar diqqətə çatdırılıb.
Qeyd edək ki, builki beynəlxalq konfransa 31 ölkədən tədqiqatçı alimlər qatılıb.