Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasını ilin sonuna qədər uzadıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.
Məlumata görə, ilin sonuna qədər ediləcək ixtisarlarla ölkədə gündəlik neft hasilatının 9 milyon barelə düşəcəyi qeyd olunub.
Beləliklə, Səudiyyə Ərəbistanının 2024-cü ilin dekabr ayına qədər qəbul etdiyi gündəlik 500 min barel azalma qərarına əlavə olaraq 1 milyon barel azaldılması ilə ümumi miqdar 1,5 milyon barelə yüksəldi.
İxtisarın neft bazarlarında sabitliyi qorumaq məqsədi daşıdığı və azalmaların miqdarına hər ay yenidən baxılacağı qeyd edilib.
Digər tərəfdən Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
OPEC+ qrupu ötən ilin oktyabr ayında hasilatı gündəlik 2 milyon barel azaldacağını açıqlamış, may ayından etibarən əlavə olaraq gündəlik təxminən 1,6 milyon barel azaltma qərarı almışdı.
Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatında və ixracatında azalmaların uzadılması qərarından sonra Brent markalı neftin bir barelinin qiyməti dünənki bağlanışla müqayisədə 1,77 faiz artaraq 90,58 dollara yüksəlib. Beləliklə, Brent markalı neftin barel qiyməti ötən ilin noyabrından bu yana ən yüksək həddə çatıb.
Qərbi Texas tipli (WTI) xam neftin barel qiyməti də 8,76 faiz artaraq 87,48 dollar olub.