Seymur Mövlayev: FAO ilə indiyədək 60-a yaxın layihə həyata keçirilib
Bakı, 24 yanvar, AZƏRTAC
Ərzaq təhlükəsizliyi və əhalinin məşğulluğu sahəsində fəaliyyətimizi istiqamətləndirəndə yaxşı təcrübələrin tətbiqini hədəf götürərək beynəlxalq tərəfdaşlarla xüsusilə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə sıx əməkdaşlıq edirik. Bu fəaliyyət dövründə xüsusilə 2007-ci ildən bu günə qədər kənd təsərrüfatı sahəsində 60-ya yaxın müxtəlif layihə həyata keçirmişik. Layihələr əsasən transsərhəd xarakterli heyvan və bitki xəstəliklərinə qarşı mübarizə tədbirləri, kənd yerlərində yaşayan əhalinin rifahının təmin edilməsi üçün bilik və bacarıqların artırılması sahələrini və s. əhatə edib. Həmin layihələri Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində atılan ən böyük addımlardan biri hesab etmək olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev FAO-nun Türkiyə və Azərbaycandakı nümayəndəliyinin birgə fəaliyyəti çərçivəsində keçirilən regional seminarda deyib.
Türkiyə ilə də iki layihə həyata keçirildiyini bildirən Seymur Mövlayev ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərdə həmin layihələrin önəminin nəzərə çarpdığını da diqqətə çatdırıb.