REGİONLAR
Səyyar “ASAN xidmət” Qaxda
Qax, 4 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu sentyabrın 1-dən başlayaraq Qax şəhərində sakinlərə səyyar formada xidmət göstərir. Səyyar xidmətin ilk günündə sakinlər tərəfindən 100-dək müraciət qeydə alınıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “ASAN xidmət”in səyyar avtobusunun qrup rəhbəri Namiq Mahmudov məlumat verib.
Əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Qax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, daha sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.
Xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, həmçinin funksional yardımçı və daşınmaz əmlakla bağlı xidmətlər daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar “ASAN xidmət” Qaxda sakinlərə sentyabrın 28-dək xidmət göstərəcək.