“Shamakhi Open 2025” beynəlxalq şahmat festivalı başa çatıb
Şamaxı, 4 iyul, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxıda keçirilən “Shamakhi Open 2025” beynəlxalq şahmat festivalı sona çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin bağlanış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Şahmat Turunun koordinatoru Raul Quliyev, turnirin direktoru Sərxan Həşimov və digər rəsmilər iştirak ediblər. Çıxış edənlər şahmatçılara növbəti yarışlarda yeni nailiyyətlər və uğurlar arzulayıblar.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Vüqar Həşimov adına Şahmat Fondunun təşkilatçılığı ilə keçirilən festivalda A qrupunda 1-ci yeri beynəlxalq usta Xəzər Babazadə, 2-ci yeri ukraynalı qrosmeyster Vitaliy Bernadskiy, 3-cü yeri isə beynəlxalq usta Əhməd Xəqan qazanıb. B qrupunda 1-ci yeri Qazaxıstan Şahmat Federasiyasını təmsil edən, əslən azərbaycanlı olan Muhamməd Əli Vəliyev, 2-ci yeri Kərimli Yusif, 3-cü yer Cabbarlı Atilla əldə edib.
A qrupunun birincisi 5000, B qrupunun birincisi isə 1000 manatın sahibi olub.
Sonda Sərxan Həşimov turnirin çox uğurlu keçdiyini və növbəti illərdə ənənəvi olacağını bildirərək, hər kəsi Vüqar Həşimov adına Şahmat Fondunun təşkilatçılığı ilə keçiriləcək “Vugar Gashimov Open 2025” turnirinə dəvət edib.