ORDU
Silahlı Qüvvələrimizin nümayəndələri “Beynəlxalq Ordu Oyunları–2016” yarışlarında iştirak edəcək
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında “Beynəlxalq Ordu Oyunları-2016” yarışlarının keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışlar çərçivəsində təşkil ediləcək “Xəzər Kuboku-2016” və “Tank biatlonu-2016” müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Mahaçqala limanı yaxınlığında keçiriləcək “Xəzər Kuboku-2016” beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin iki gözətçi və bir xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.
“Xəzər Dənizi-2016” yarışlarında iştirakla yanaşı, hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.