Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq elmi konfrans keçirilib
Bakı, 19 may, AZƏRTAC
NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə “Bolonya təhsil sistemi və fəlsəfə doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək” istiqamətində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 19-da Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyası arasında birgə “Təhlükəsizlik və müdafiənin müasir çağırışları” mövzusunda birbaşa bağlantı ilə beynəlxalq elmi konfrans keçirilib.
Konfransda G.S.Rakovski adına Hərbi Akademiyanın rektoru, general-mayor Todor Dotçev, professor-müəllim heyəti, dinləyicilər və qonaqlar, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev, professor-müəllim heyəti və adyunktları iştirak ediblər.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi aspektlər və mövcud vəziyyət” mövzusunda məruzə ilə çıxış edən Hərbi Akademiyanın dosenti S.Sadıyev Qarabağın tarixi Azərbaycan torpaqları olması, erməni vandalizmi, bu məsələlərə beynəlxalq hüququn münasibəti, eləcə də 2-5 aprel döyüş əməliyyatlarını zəruri edən amilləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Sonra Metsamor atom elektrik stansiyası ilə bağlı real vəziyyət, onun regional təhlükəsizliyə təhdidi, o cümlədən hərb elminin digər aktual problemlərinə həsr olunmuş elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.
Onlayn rejimdə keçirilən konfrans yüksək qiymətləndirilib. Bu qəbildən birgə tədbirlərin bundan sonra da keçirilməsi məqsədəuyğun hesab edilib.