Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi-praktiki konfrans keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, aprelin 27-¬də Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb elminin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda ölkəmizin 20-dən artıq nazirlik, komitə, ali təhsil müəssisəsi, idarə və elmi mərkəzlərindən 150-dək nümayəndə iştirak edib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev məruzə ilə çıxış edərək Silahlı Qüvvələrin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ordusu olduğunu vurğulayıb.
Hərb elminin aktual problemlərindən danışan H.Piriyev onların həlli yollarının prioritet istiqamətlərini qeyd edib. Elmi-pedaqoji kadr hazırlığının da vacib sahələrdən biri olduğunu deyən akademiyanın rəisi bu sahədə Müdafiə Nazirliyinin tabeçiliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin ölkənin qabaqcıl təhsil ocaqları ilə əməkdaşlıq etdiyini və bu işin qısa zamanda uğurlu nəticəsini göstərəcəyini bildirib.
Konfransın plenar hissəsi başa çatdıqdan sonra iştirakçılar hərbi-¬nəzəri elmlər, milli təhlükəsizlik, hərbi təbabət, hərbi pedaqogika və hərb tarixi bölmələrində məruzələr dinləyiblər.
Bildirilib ki, səsləndirilən fikirlər, çıxışlar, məruzələr, o cümlədən konfransın təşkilat komitəsinə daxil olmuş 60-¬dan artıq elmi məqalə “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalında dərc ediləcək.