Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktik seminar təşkil olunub
Bakı, 18 may, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev giriş nitqi söyləyərək seminarı açıq elan edib.
Seminarda 24 il əvvəl Laçının işğal edilməsi barədə ətraflı məlumat verilib. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani “Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Respublika Veteranlar Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Silahlı Qüvvələr Hərbi Akademiyasının baş müəllimi, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı və qeyri-hökumət təşkilatlarının nümayəndələri müxtəlif mövzularda çıxışlar edərək belə seminarların Silahlı Qüvvələrin şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Seminar iştirakçıları bir qrup şəhid ailəsinə Azərbaycan Prezidentinin Sərəncamı və müdafiə nazirinin əmri ilə ölümlərindən sonra övladlarının layiq görüldükləri medalların təqdimetmə mərasimində iştirak edib və 2-5 aprel döyüş əməliyyatlarına həsr olunmuş videoçarxlara baxıblar.