Şimal-qərb bölgəsinin məktəbliləri olimpiada və fənn müsabiqələrində biliklərini sınayıblar
Şəki, 2 mart, Mustafa Dadaşov, AZƏRTAC
Martın 2-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdlərinin iştirakı ilə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, şimal-qərb bölgəsi üzrə müsabiqələrdə iştirak etmək üçün 6487 şagird qeydiyyatdan keçib. Onlardan 6078 nəfəri 17 mərkəzdə təşkil olunan müsabiqələrdə iştirak edib. Qeyri-sabit və qarlı hava şəraitinə baxmayaraq, qeydiyyatdan keçənlərin iştirak faizi 93,6 faiz təşkil edib.
Qurumun əməkdaşının məlumatına görə, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, fənn müsabiqələri isə VI və VII sinif şagirdləri üçün təşkil olunub. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahan veriblər.
Müsabiqələrin əsas məqsədi istedadlı şagirdləri aşkar etmək, onların məntiqi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti formalaşdırmaq və şagirdlərlə məqsədyönlü iş aparmaqdır.
Qeyd edək ki, Fənn müsabiqələrinin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur və müvafiq təmayüllü lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olmaq imkanı əldə edirlər.