Şimal regionunun əsas taxılçılıq rayonlarından olan Xaçmazda biçin kampaniyasına başlanılıb VİDEO
Xaçmaz, 12 iyun, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Xaçmazda biçin kampaniyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, rayon üzrə 500 hektar ərazidə arpa biçini yekunlaşıb.
Xaçmazlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər.
Təsərrüfatçı Bəxtiyar Məmmədov bildirir ki, biçilən arpa sahələrindən orta hesabla hər hektara 30 sentner məhsul toplanır.
Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyasında 20-dən çox taxılbiçən kombayndan istifadə edilir. Buğda biçini başlayanda kombaynların sayı artırılacaq.
Təsərrüfatçılar bildirirlər ki, son günlər Xaçmazda müşahidə olunan güclü külək taxıl zəmilərinə ziyan vurub.
Xaçmazda cari ilin məhsulu üçün, ümumilikdə, 23 min 565 hektar ərazidə taxıl əkilib. Bunun 6 min 165 hektarını arpa, 17 min 400 hektarını isə buğda zəmiləri təşkil edir.
Hava şəraiti əlverişli olarsa, biçinin iyulun 15-dək başa çatdırılması nəzərdə tutulur.