Şimali Kaliforniyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, ABŞ-dakı Şimali Azərbaycan Mədəniyyət Cəmiyyəti və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü ilə Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Şimali Kaliforniyada yaşayan Azərbaycan diasporunun üzvləri mərasim iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamı barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən keçmiş SSRİ-yə məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı amansızcasına soyqırım aktı həyata keçirmişlər. Bu faciə nəticəsində Xocalıda 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmışdır. Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 70 ailənin bütün üzvləri qətliama məruz qalmış, 8 ailə tamamilə məhv edilmişdir. Soyqırımı zamanı 487 Xocalı sakini yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150-nin taleyi indiyədək məlum deyildir. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilmişdir.
Çıxış edənlər beynəlxalq təşkilatların insanlığa qarşı yönəlmiş belə bir bəşəri cinayətə indiyədək siyasi-hüquqi qiymət verilməməsinin təəssüf doğurduğunu demişlər.
Mərasimdə erməni vandallarının Xocalıda törətdikləri qırğınlardan bəhs edən sənədli film göstərilmişdir.
Bundan əlavə, Xocalı qətliamından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotosərgi də təşkil olunmuşdur. Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında nəşrlər mərasim iştirakçılarına təqdim edilmişdir.