ELM VƏ TƏHSİL
Sintetik üzvi boyaların deqradasiyasına dair elmi seminar
![Sintetik üzvi boyaların deqradasiyasına dair elmi seminar](/files/2023/2/1200x630/16866448156529348151_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda laboratoriyanın böyük elmi işçisi kimya elmləri doktoru, dosent Flora Hacıyeva “Sintetik üzvi boyaların maqnit nanohissəciklərin iştirakı ilə hidrogen peroksidlərlə katalitik deqradasiyası” mövzusunda məruzə ilə çıxış edib.
Flora Hacıyeva sintetik üzvi boyaların deqradasiya üsulları, maqnit nanohissəciklərin iştirakı ilə fenoton reaksiyalarla qabaqcıl oksidləşmə metodlarının müqayisəli təhlilini və üstün xüsusiyyətlərini göstərib. Məruzəçi müxtəlif sintetik boyaların (Coomassie Brilliant Mavi, Metilen Mavi, Tartrazin, Orange II) maqnetit (Fe3O4) nanohissəciklərin iştirakı ilə hidrogen peroksidlərlə deqradasiyasına dair apardığı eksperimental nəticələri təqdim edib, deqradasiyanın mexanizmləri haqqında təsəvvürləri seminar iştirakçılarının nəzərinə çatdırıb.
O, sintetik boyaların deqradasiyasına mühitin pH-nın, hidrogen peroksidin və maqnetit nanohissəciklərin qatılığının, müddətin və sair texnoloji parametrlərin təsirinə dair təcrübi nəticələri nümayiş etdirib. Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayan məruzəçi daha sonra seminar iştirakçılarının suallarını cavablandırıb.