Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində iqtisadçı alimlərlə görüş
Bakı, 18 mart, AZƏRTAC
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun bir qrup alimi ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. Tədbirdən əvvəl kollecin və institutun əməkdaşları Şirvan şəhərində Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin əziz xatirəsi dərin hörmətlə yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb. Kollecin direktoru filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov belə bir görüşün təşkilinin müəllim-tələbə heyəti üçün çox faydalı olduğunu, regionlardakı təhsil müəssisələri ilə elmi-tədqiqat institutları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Kollecin müəllimi Elçin Məlikovun moderatorluğu ilə keçirilən tədbirdə iqtisadçı alimlər çıxış edib, tələbələrin Azərbaycan iqtisadiyyatının müasir inkişafının başlıca xüsusiyyətləri, əsas inkişaf meyilləri və perspektivləri ilə bağlı suallarını cavablandırıblar. Ölkəmizdə innovativ iqtisadiyyatın formalaşması, məşğulluğun təmin edilməsi, gələcəyin əsas peşə və ixtisasları və bu prosesdə təhsilin rolu, azad sahibkarlıq fəaliyyəti və biznes mühiti, sosial rifahın yüksəldilməsi, regionların tərəqqisi, qeyri-neft sektorunun inkişafı, Qarabağda yeni iqtisadiyyat quruculuğu kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılıb.
Sonda gənclərin maariflənməsində göstərdikləri xüsusi xidmətlərinə görə iqtisadçı alimlər kollecin fəxri fərmanları ilə təltif olunublar.