Şirvan-Salyan avtomobil yolu əsaslı təmir olunur
Salyan, 4 mart, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına Şirvan-Salyan avtomobil yolunda əsaslı təmir işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 120 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulmasına ötən ay başlanılıb. Uzun illər əsaslı təmir olunmayan avtomobil yolunun torpaq, həmçinin örtük hissəsində çökmə və qabarmalar əmələ gəldiyindən nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranırdı. Bu çətinliklərin aradan qaldırılması üçün artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun təmirinə başlayıb. Layihəyə uyğun olaraq, tikinti zamanı zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq, əvəzinə karbonat materialı tökülərək kipləşdiriləcək. Yolboyu mövcud suötürücü borular yenisi ilə əvəzlənəcək, dəmir-beton borular quraşdırılacaq. Yolun 15-ci kilometrliyində bir ədəd suötürücü qurğunun quraşdırılması da nəzərdə tutulub.
Sahə rəisi Nəcəf Cəlilov bildirib ki, ümumi uzunluğu 32 kilometr olan yolun eni 14 metr, asfaltın qalınlığı isə 20 santimetr təşkil edəcək. Artıq yolun 3 kilometrdən çox hissəsində işlər başa çatdırılıb. Dörd kilometrə ikinci asfalt örtüyü vurulub, 13 kilometr isə asfalt örtüyü vurulması üçün hazır vəziyyətə gətirilib.
Tikinti işləri çərçivəsində yolboyu avtobus dayanacaqlarının qoyulması da nəzərdə tutulub. Hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq.
Təmir işlərinin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.