ELM VƏ TƏHSİL
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı təşkil edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə ölkədə təhsil sahəsində aparılan islahatlardan, təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsi, Qarabağ Universiteti və ölkə təhsilində baş verən nailiyyətlərdən söz açıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Hesabatda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı görülmüş işlər haqqında məlumat verən idarə müdiri bu sahədə həyata keçirilmiş layihələrdən danışıb. Region üzrə şagird və müəllim nailiyyətləri, layihələrin əhatə dairəsinin genişləndirilməsi, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlar, əmək intizamına nəzarət, təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlər yer alıb.
Daha sonra Təhsil İnstitutunun direktor müavini İlham Cavadov 2023-2024-cü tədris ili ərzində Təhsil İnstitutu tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Respublika fənn olimpiadaları, fənn müsabiqələrinə dair reytinq sıralaması, Beynəlxalq qiymətləndirmə, olimpiada və digər müsabiqələr, IV və VI siniflərdə təşkil olunmuş monitorinq nəticələri haqqında danışıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında rayon üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb.