Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə mini futbol turniri keçirilir
Bakı, 19 iyun, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Qurtuluş Günü və Azərbaycan Polisinin yaranmasının 99 illiyi münasibətilə mini futbol turniri keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəhər Polis Şöbəsinin komandasının da qatıldığı yarışda Şirvanın müxtəlif idarə, müəssisə və təşkilatlarını təmsil edən 8 komanda da qələbə uğrunda mübarizə aparır. Artıq yarımqruplarda mübarizə başa çatıb.
Oyunlarda polislər “Qarasu” və “Avromed” şirkətlərinin komandaları ilə qarşılaşıblar. Şirvan Şəhər Polis Şöbəsinin komandası birinci qarşılaşmada 3:0, ikinci görüşdə isə 4:1 hesabı ilə rəqibləri üzərində qələbə qazanıb.
Rayon ictimaiyyəti tərəfindən maraqla izlənilən turnir davam edir.