Şirvanda “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli film nümayiş olunub
Şirvan, 6 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransda Şirvan şəhəri ilə bərabər, Sabirabad, Saatlı və Hacıqabul Rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şirvan şəhər prokuroru Kamal Talıbov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində çıxış edib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov və şəhid atası Alim Zülfüqarovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Şirvan şəhərinə diqqət və qayğısı barəsində çıxışları dinlənilib.
Konfrans iştirakçıları Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.