ELM VƏ TƏHSİL
“Siyasi dünyanın postklassik mənzərəsi”- məruzə
Bakı, 3 dekabr, AZƏRTAC
AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva Böyük Britaniyanın Oksford Universitetində keçirilən Fənlərarası Tədqiqat və Təhsil üzrə 11-ci Beynəlxalq Tətbiqi Tədqiqatlar konfransında iştirak edib.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, azərbaycanlı alim “Siyasi dünyanın postklassik mənzərəsi” mövzusunda məruzə ilə çıxış edib.
Professor məruzəsində qeyd edib ki, informasiya inqilabının qanunları siyasi məkanın yeni qaydalarını diktə edir. Siyasi quruluşun əsas məntiqi ideya və obrazların axınları ilə təmsil olunur, informasiya siyasi təşkilatımızın əsas struktur komponenti kimi çıxış edir. Vurğulanıb ki, bu gün müşahidə olunan siyasi reallığın özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlərin hər biri öz diskursunda özünü göstərir. Məruzədə həmçinin bildirilir ki, siyasi məkan siyasi dünyanın postklassik mənzərəsinin mühüm xüsusiyyəti kimi çıxış edən yeni prinsipə - şəbəkəyə əsasən təşkil olunub. Siyasət şəbəkə texnologiyaları sayəsində daha əlçatan olur. Nəticə etibarilə, bu gün siyasi ölçüdə müasir informasiya cəmiyyətinin yeni reallıqlarından danışmaq olar.
Bu kontekstdə Roida Rzayeva qeyd edib ki, dövlətin informasiya potensialı onun informasiya bazarında informasiyanın təşkili və müvafiq əlaqələrin qurulması prosesində səmərəli fəaliyyəti ilə ölçülür. Sistem təfəkkürü, bu və ya digər hadisə və prosesləri müəyyən etməyə və peşəkar şəkildə təhlil etməyə, hadisələrin inkişafını qabaqcadan görməyə, sosial, iqtisadi və siyasi inkişaf meyillərini proqnozlaşdırmağa imkan verən zəruri bilik və məlumatlara sahib olmaq getdikcə daha çox tələb olunacaq, çünki dünya getdikcə daha da mürəkkəbləşir və anlaşılması çətinləşir.
Konfransın təşkilatçıları məruzədə əksini tapan məsələlərin onları çox düşünməyə vadar etdiyini söyləyiblər.