Siyasi şərhçi: Almaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın Avropa İttifaqında mövqelərini daha da gücləndirəcək
Bakı, 22 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və iki ölkə arasında strateji tərəfdaşlıq gündəliyinin formalaşdırılması Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafında yeni imkanlar yaradır. Avropanın əsas siyasi və iqtisadi mərkəzlərindən biri olan Almaniya ilə münasibətlərin strateji mərhələyə yüksəlməsi ölkəmizin həm siyasi, həm də iqtisadi mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, Avropada müəyyən lobbi qrupları uzun illərdir Azərbaycana qarşı fəaliyyət göstərir və bu qüvvələr zaman-zaman Bakı–Brüssel xəttində yaxınlaşmaya, eləcə də ölkəmizin Qərb siyasi müstəvisində əməkdaşlığının dərinləşməsinə maneələr yaratmağa çalışıblar.
“Son illər isə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni mərhələdə inkişaf edir. Almaniya ilə münasibətlərin strateji xarakter alması bu prosesi daha da sürətləndirəcək və yeni imkanlar açacaq. İqtisadi əməkdaşlıq baxımından da Almaniya ilə strateji münasibətlər Azərbaycanın inkişaf perspektivləri üçün mühüm əhəmiyyət daşıyır.Sənaye ölkəsi olan Almaniya ilə strateji münasibətlər Azərbaycana həm investisiyaların cəlb edilməsi, həm də müxtəlif sektorlar üzrə yeni əməkdaşlıqların qurulması imkanları yaradır. Ən önəmli məqamlardan biri də Azərbaycanın Mərkəzi və Qərbi Avropa bazarına daha geniş çıxış əldə etməsidir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan artıq Almaniyaya da təbii qaz ixrac edir. Hesab edirəm ki, bu istiqamətdə artımların olacağı gözləniləndir və belə bir perspektiv ölkəmizin Avropa bazarındakı mövqelərini daha da gücləndirəcək.
Azərbaycan–Almaniya münasibətlərinin inkişafı iki mühüm istiqamətdə də müsbət perspektivlər vəd edir. Birincisi, Cənubi Qafqazda Azərbaycanın sülh təşəbbüslərinə əsaslanan gələcəyin inşa edilməsinə dəstəyin güclənməsidir. Almaniya bəzi Avropa ölkələrindən fərqli olaraq Cənubi Qafqaz siyasətində balans prinsipi tətbiq edir və regionda yaranmış yeni reallıqlar fonunda rəsmi Berlinin bu yanaşması Azərbaycanın maraqlarına uyğundur. Almaniyanın bu mövqeyi gələcəkdə Avropanın region siyasətinə də təsir göstərə bilər", – deyə siyasi şərhçi bildirib.
O qeyd edib ki, ikinci mühüm istiqamət Orta dəhlizin inkişafı və Azərbaycanın bu marşrut üzərində strateji mövqeyinin daha da möhkəmlənməsidir. "Almaniya Azərbaycanla münasibətlərin inkişafı nəticəsində təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Orta dəhliz üzərində də mövqelərini gücləndirə bilər. Buna paralel olaraq Azərbaycanın da Orta dəhlizdəki strateji rolu və əhəmiyyəti daha da artır. Azərbaycan–Almaniya strateji münasibətlərinin dərinləşməsi ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək. Fikrimcə, Azərbaycan–Almaniya strateji münasibətləri ölkəmizin geosiyasi təsirinin artması, həm enerji təchizatçısı, həm də beynəlxalq nəqliyyat dəhlizlərində aparıcı oyunçu kimi qəbul edilməsinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır", - deyə Asif Nərimanlı əlavə edib.
Müxbir - Səbinə Əlizadə