Siyasi şərhçi: Azərbaycanın müstəqil siyasəti və strateji imkanları ölkənin beynəlxalq mövqeyini gücləndirir
Bakı, 20 iyul, AZƏRTAC
Müstəqil xarici siyasət kursunun qorunması, milli maraqlara əsaslanan qərarların qəbul edilməsi və müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış əməkdaşlıq modeli Azərbaycanın regional proseslərlə yanaşı, daha geniş geosiyasi gündəmdə də etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb. Bu yanaşma ölkənin beynəlxalq nüfuzunun artmasına və siyasi təşəbbüslərinin daha geniş dəstək qazanmasına mühüm töhfə verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Siyasi şərhçi bildirib ki, Azərbaycanın geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biri enerji təhlükəsizliyi sahəsində formalaşdırdığı etibarlı tərəfdaş imicidir. "Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına təhlükəsiz və şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində həyata keçirilən iri layihələr ölkənin strateji əhəmiyyətini daha da yüksəldib. Xüsusilə Avropanın enerji mənbələrinin diversifikasiyası fonunda Azərbaycanın təbii qaz ixracının genişlənməsi, uzunmüddətli əməkdaşlıq formatlarının inkişafı və yeni bazarlara çıxış imkanlarının artması ölkənin qlobal enerji sistemində mövqeyini daha da möhkəmləndirib. Azərbaycan bu gün yalnız enerji ixrac edən dövlət kimi deyil, eyni zamanda, Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri kimi çıxış edir. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş infrastruktur layihələri, müasir liman və dəmir yolu şəbəkələrinin yaradılması ölkəni Avrasiya məkanında strateji tranzit mərkəzlərindən birinə çevirib. Bu proses qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır", – deyə o bildirib.
Ülviyyə Zülfiqarın sözlərinə görə, son illərdə Azərbaycanın beynəlxalq diplomatiyada artan fəallığı da ölkənin nüfuzunun yüksəlməsinin mühüm göstəricilərindəndir. "Ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi, müxtəlif qlobal platformalarda irəli sürdüyü təşəbbüslər və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi rəsmi Bakının diplomatik imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini göstərir. Müxtəlif regionlar arasında dialoqu təşviq edən təşəbbüslər Azərbaycanın konstruktiv əməkdaşlığa üstünlük verən və etibarlı tərəfdaş kimi çıxış edən dövlət imicini daha da gücləndirir. Qlobal geosiyasi və iqtisadi transformasiyalar fonunda orta güclərin beynəlxalq münasibətlər sistemində rolu getdikcə artır. Belə bir reallıq şəraitində Azərbaycan çevik diplomatiyası, iqtisadi dayanıqlılığı, enerji və nəqliyyat imkanları, eləcə də regional təşəbbüslərdə fəal iştirakı ilə öz mövqeyini daha da möhkəmləndirir. Məhz bu amillərin vəhdəti Azərbaycanın artıq yalnız regional deyil, Avrasiya məkanının strateji proseslərinə təsir göstərə bilən mühüm aktorlardan biri kimi qiymətləndirilməsinə əsas yaradır", – deyə Ülviyyə Zülfiqar vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və geostrateji nəticələr ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinin sistemli dövlət siyasətinin nəticəsi olduğunu göstərir. "Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və geostrateji nəticələr göstərir ki, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi təsadüfi deyil. Bu, uzunmüddətli dövlət strategiyasının, ardıcıl xarici siyasət kursunun və milli maraqlara söykənən inkişaf modelinin məntiqi nəticəsidir", – deyə siyasi şərhçi Ülviyyə Zülfiqar fikrini yekunlaşdırıb.
Müxbir - Səbinə Əlizadə