Siyəzəndə “20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyidir” mövzusunda keçirilmiş inşa müsabiqəsinin qalibləri müəyyənləşmişdir
Siyəzən, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində, həmçinin “20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyidir” mövzusunda rayon tam orta məktəblərinin VIII-XI sinif şagirdləri arasında elan olunmuş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi də olmuşdur.
20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi, yeniyetmə və gənclərimizin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi daşıyan tədbirdə rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak etmişlər.
Bildirilmişdir ki, 24 il əvvəl baş vermiş bu faciə həm də müstəqil və müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
Sonra inşa müsabiqəsində yer tutmuş şagirdlər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Qiymətləndirməyə əsasən, şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Simuzər Quliyeva birinci, şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Əfsanə Mahmudova ikinci, Böyük Həmyə kənd və şəhər 1 nömrəli tam orta məktəblərin şagirdləri Ağapəri Xəlfəyeva ilə Ülviyyə Hüseynova isə üçüncü yerləri tutmuşlar.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən qısametrajlı film nümayiş olunmuşdur.