“SOCAR-Azerbaijan” şahmat komandası İtaliya, “Odlar Yurdu” isə Avstriya kollektivinə qalib gəlib
Bakı, 22 oktyabr, AZƏRTAC
Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublararası Avropa kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın turnirdə mübarizə aparan hər iki komandası - “SOCAR-Azerbaijan” və “Odlar Yurdu” rəqiblərini məğlub ediblər. İtaliyanın “Obiettivo Risarcimento Padova” komandasına 4:2 hesabı ilə qalib gələn “SOCAR-Azerbaijan” turnirdə ardıcıl dördüncü qələbəsini qazanıb. “Odlar Yurdu” isə Avstriyanın “MPA-Maria Saal” kollektivini 4,5:1,5 hesabı ilə üstələyib.
Hesabında 8 xal olan “SOCAR-Azerbaijan”, “Alkaloid” (Makedoniya) və “Sibir” (Rusiya) komandaları 1-3-cü pillələri bölüşürlər. “Odlar Yurdu” komandası isə 6 xalla altıncı pillədə qərarlaşıb.
Əlli komandanın mübarizə apardığı turnirə oktyabrın 24-də yekun vurulacaq.