İQTİSADİYYAT
“SOCAR Könüllüləri” qrupuna 100 tələbənin qəbul olunması ilə əlaqədar tədbir keçirilib
























Bakı, 20 oktyabr, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində oktyabrın 19-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) “SOCAR Könüllüləri” qrupuna 100 tələbənin qəbul olunması ilə əlaqədar tədbir keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə könüllülük Prezident İlham Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin əsas komponentlərindən biri olduğunu, bu xüsusda, könüllülük fəaliyyətinin tənzimlənməsi üçün “Könüllü fəaliyyət haqqında” Qanunun qəbul edildiyini diqqətə çatdırıb.
Rövşən Nəcəf könüllülük fəaliyyətinin bu gün gənc nəslə praktiki biliklərin qazanılmasına, seçdikləri sahənin mənimsənilməsinə dəstək olduğunu bildirib. “SOCAR Könüllüləri”nin artıq böyük könüllü ailəsinin bir üzvünə çevrildiyini bildirən SOCAR-ın prezidenti ötən bir il ərzində könüllülərin şəxsi inkişaflarına və peşəkar fəaliyyətlərinə mühüm töhfə verəcək nailiyyətlər əldə etdiklərini diqqətə çatdırıb.
Bu il müsabiqə əsasında qəbul edilən “SOCAR Könüllüləri”nin sayının 60-dan 100-ə yüksəldildiyini bildirən Rövşən Nəcəf simvolik 100 rəqəminin seçilməsinin Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olduğunu vurğulayıb və “SOCAR Könüllüləri” sırasına yeni qoşulan könüllülərə müvəffəqiyyətlər arzulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında dövlətimiz tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin ölkəmizin hərtərəfli inkişafındakı rolundan bəhs edərək, Azərbaycanın mövqeyinin gücləndirilməsində, haqq səsimizin dünyaya çatdırılmasında gənclərimizin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O, Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin davamı olaraq dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə ölkəmizdə bilikli, dünyagörüşlü, vətənpərvər, sağlam düşüncəli gənc nəslin formalaşdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib.
F.Qayıbov Prezident İlham Əliyevin hakimiyyəti dövründə formalaşmış Azərbaycan gəncliyinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan da danışıb. Könüllülük hərəkatının gənclərin inkişafında mühüm rol oynadığını vurğulayan nazir könüllülük fəaliyyətinin genişləndirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərdən bəhs edib, “SOCAR Könüllüləri” qrupunun yeni üzvlərinə gələcək işlərində uğurlar diləyib.
“SOCAR Könüllüləri” Murad Əliyev və Ülfət İbrahimli könüllülərin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib, göstərilən yüksək diqqətə görə qrup adından SOCAR-a minnətdarlıqlarını bildiriblər.
Sonda “SOCAR Könüllüləri”nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.