İQTİSADİYYAT
“SOCAR Midstream Operations” MMC Gürcüstanda korrupsiya ilə bağlı seminarlar keçirib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabr ayında SOCAR Midstream Operations MMC Azərbaycan və Gürcüstandakı təchizatçı və podratçı şirkətlər üçün “Etik biznes təcrübələrinin təmin edilməsi: Korrupsiyaya qarşı tələblərimiz və gözləntilərimiz” adlı seminarlar keçirib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, seminarlar təchizatçılar şəbəkəsində etik davranış, qanunlara uyğunluq və məsuliyyətli biznes təcrübələri üçün güclü təməl yaratmaq, bununla da korrupsiya ilə bağlı riskləri minimuma endirmək, beləliklə davamlı və etibarlı biznes mühitini təşviq etmək məqsədi daşıyır.
“SOCAR Midstream Operations” şirkəti Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil etmək məqsədilə 2015-ci ildə “SOCAR” şirkətinin törəmə müəssisəsi kimi təsis edilib.