SOCAR prezidenti: İnsan resurslarının və insan kapitalının inkişafı daimi prosesdir
Bakı, 21 iyun, AZƏRTAC
Dövlət Neft Şirkətinin (SOCAR) ən başlıca məqsədi Azərbaycan və region ölkələrinin enerji təhlükəsizliyini təmin etməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu fikri SOCAR-ın prezidenti Rövşən Nəcəf iyunun 21-də “Gülüstan” sarayında “İnsan Resursları Zirvəsi - 2023” mövzusunda keçirilən forumun panel iclasında deyib. O bildirib ki, enerji təhlükəsizliyini təmin edərkən dayanıqlı, davamlı və mütərəqqi texnologiyalardan istifadə etmək lazımdır. Bunu həyata keçirmək və qarşıya qoyulmuş hədəflərə doğru inamla irəliləmək üçün bütün resurslardan ən önəmlisi insan resurslarıdır. İnsan resurslarının və insan kapitalının inkişafı daimi prosesdir. Müasir dövrdə hər bir insanın harada təhsil almasından asılı olmayaraq, daimi dinamik inkişafda olmasına, özünü inkişaf etdirmək üçün təlimlərə qoşulmasına ehtiyac var.
Şirkət rəhbəri qeyd edib ki, SOCAR-ın uzun müddət həyata keçirdiyi xaricdə təhsil proqramları çərçivəsində xeyli insan xaricdə təhsil alıb və hazırda şirkətdə çalışır. Bununla yanaşı, ölkəmizdəki ali təhsil ocaqlarında yaxşı təhsil alanlar da işə cəlb edilir. Onlar əldə etdikləri biliklərlə və SOCAR-da qazandıqları təcrübə ilə qurumun inkişafına töhfə verirlər. Lakin uğur bir insanın xaricdə təhsil alması ilə deyil, komanda hesabına olur. Bu uğur SOCAR ailəsinin uğurudur. Çünki xaricdə əldə edilmiş bilik və bacarıqlar təcrübə olmadan gözlənilən zəruri faydanı vermir. Eyni ilə təcrübə daimi olaraq təkmilləşməsə, yeni biliklər, yeni bacarıqlar və yeni baxışlarla zənginləşməsə, lazım olan töhfəni verməyəcək.
R.Nəcəf deyib ki, məqsəd SOCAR daxilində bilik və bacarıqları, kreativ düşüncə tərzini və təcrübəni bir araya gətirmək, onları vahid formada istifadə edərək uğura nail olmaqdır. Bu baxımdan müxtəlif qrup insanlar komanda şəklində cəmləşməli, işini vahid amal, vahid hədəf, vahid konsepsiya və dəyər üzərində qurmalıdır.