Şopinq festivalının lotereya qaliblərinə müxtəlif hədiyyələr təqdim olunub
Bakı, 8 noyabr, AZƏRTAC
“Metro Park” ticarət mərkəzində ikinci Bakı Şopinq Festivalı çərçivəsində keçirilən lotereyanın qaliblərinə hədiyyələr təqdim olunub.
AZƏRTAC xəbər verir ki, jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov festival çərçivəsində həm yerli sakinlərin, həm də xarici turistlərin marağını cəlb edən müxtəlif kampaniyaların reallaşdığını söyləyib. Bildirib ki, noyabrın 1-dən etibarən festivala qoşulan mağazalardan 1 dəfəyə 100 manatdan artıq alış-veriş edən hər kəs “Festival sürprizləri” adlı ani stimullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanıb.
“Bu gün lotereyanın növbəti qaliblərinə hədiyyələr təqdim olunur. Festival çərçivəsində reallaşdırılan tədbirlər bu layihəyə sahibkarlar tərəfindən də böyük marağın olduğunu göstərir. Festivalın sonuna kimi alış-veriş həvəskarlarını maraqlı sürprizlər gözləyir”,- deyə V.Şıxəmmədov söyləyib.
Qeyd edək ki, Bakı Şopinq Festivalı çərçivəsində “Festival sürprizləri” stimullaşdırıcı lotereyasında müxtəlif hədiyyələr nəzərdə tutulub. Kampaniya müddətində iştirakçıların “Metro Park”dan 20 ədəd televizor, “Park Bulvar” AVM-dən 20 ədəd kamera, “Bravo” hipermarketindən 20 ədəd mobil telefon, “Baku Electronics”dən 20 ədəd tozsoran, “Optimal Electronics”dən 20 ədəd soba hədiyyə qazanmaq şansı var.
Lotereya biletini əldə etmək üçün alış-veriş üzrə elektron vergi hesab-fakturanı Bakı Şopinq Festivalının "Məlumat masası"na təqdim etmək lazımdır. Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə 1 bilet, 500 AZN və daha çox alış-verişə isə 2 ani stimullaşdırıcı lotereya bileti düşür. Biletləri yerində pozaraq bir-birindən dəyərli hədiyyələr qazana bilərsiniz.