ELM VƏ TƏHSİL
Sosial iş sahəsi üzrə maarifləndirmə tədbirlərinə dair görüş
Bakı, 21 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrası və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları arasında ”Sosial iş sahəsi üzrə maarifləndirmə” layihəsi çərçivəsində görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə BDU-nun Sosial iş kafedrasının müdiri dosent Üzeyir Şəfiyev, kafedranın əməkdaşları Eliza İsmayılova və Tərlan Tağıyeva, DSMF-nin departament müdirləri Eyvaz İsmayılov, Rasim Səfərov, Elnur Məmmədov, müdir müavinləri Lalə Abdullayeva və Cəfər Salmanov iştirak ediblər.
Layihədə əsas məqsəd DSMF-nin fəaliyyət istiqamətləri, ölkədə aparılan sosial islahatlar, tətbiq olunan yeniliklərlə bağlı tələbələrin məlumatlandırılması, sosial iş ixtisası üzrə təhsil alan tələbələrin DSMF əməkdaşlarının təcrübəsindən yararlanması və sosial iş təhsili ilə Fondun fəaliyyət istiqamətlərinin əlaqələndirilməsidir.
BDU-nun dosenti Üzeyir Şəfiyev bildirib ki, sosial iş təhsilinin keyfiyyət göstəricilərinin artırılmasında DSMF ilə əməkdaşlığın böyük əhəmiyyəti var və əməkdaşlıq istiqamətləri çoxşaxəlidir. O, DSMF əməkdaşlarının sosial iş ixtisasında tədris olunan bir sıra fənlər istiqamətində praktik xarakterli ustad dərslərinin keçirilməsi, tələbələrin Fondda könüllülük proqramı çərçivəsində davamlı fəaliyyətinin məqsədəuyğun olduğunu qeyd edib.
Səmərəli və işgüzar mühitdə keçirilən görüşdə əməkdaşlıq istiqamətləri müzakirə olunub.