Sosial könüllülər Naxçıvan şəhərində yaşayan tənha ahılları ziyarət ediblər
Naxçıvan, 26 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, könüllülər tənha ahıllarla birgə vaxt keçirib, onlara məişət işlərində köməklik göstəriblər.
Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikada ahıl vətəndaşlara göstərilən sosial xidmətlər təkmilləşdirilib, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb. Belə ki, əmək qabiliyyətli yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilərək sosial xidmətə qəbul olunur, onlara evlərində sosial məişət xidməti göstərilir. Sosial könüllülərin Naxçıvan şəhərində sosial xidmət göstərilən tənha ahılları ziyarət etmələri də həyata keçirilən tədbirlərin davamıdır.