REGİONLAR
Sosial şəbəkələrdə azyaşlı qızın qaçırılması ilə bağlı yayılan iddialar araşdırılıb - AÇIQLAMA
Lənkəran, 4 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda övladlığa verilən qızın qaçırılması barədə məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sosial şəbəkələrdə azyaşlının qaçırılması ilə bağlı yayılan iddialar araşdırılıb: “Tərəflər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət olunaraq dinlənilib. Azyaşlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasının əməkdaşları və psixoloqun iştirakı ilə verdiyi izahatda könüllü şəkildə bioloji anasının yanına getdiyini, onu övladlığa götürən T.Əliyevanın yanına qayıtmaq istəmədiyini bildirib”.
Araşdırmalarla əməldə kriminal tərkibin olmadığı müəyyənləşib. Toplanmış material baxılması üçün aidiyyəti üzrə Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasına göndərilib.