Soyqırımı qurbanlarının xatirəsi Ağsuda silsilə tədbirlərlə qeyd edilmişdir
Ağsu, 31 mart (AZƏRTAC). Ağsu rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günündə şəhid olmuş insanların xatirəsi silsilə tədbirlərlə yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, Ağsu şəhərindəki Heydər Əliyev mərkəzində, rayon tarix-diyarşünaslıq muzeyində, klub və kitabxanalarda faciə ilə əlaqədar sərgilər, fotoguşələr, “dəyirmi masa” və digər kütləvi tədbirlər təşkil olunmuşdur.
Martın 31-də rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər erməni daşnaklarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlarla bağlı tarixi həqiqətlərin izah və təbliğinə həsr edilmişdir.
Həmin gün rayon icra hakimiyyətində müxtəlif nəslin nümayəndələrinin iştirakı ilə soyqırımı ilə bağlı geniş yığıncaq keçirilmişdir.
Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov “Xalqımızın başına gətirilən faciələr” mövzusunda məruzə etmiş, çıxışlar olmuşdur.
Natiqlər tarixə qısa nəzər salaraq, 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrindən sonra İran və Türkiyədən 130 min erməninin İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə köçürülərək məskunlaşdırıldığını, bu zaman Azərbaycan türklərinin dədə-baba torpaqlarından sıxışdırılaraq çıxarıldığını diqqətə çatdırmışlar. 1928-ci il martın 21-də Rusiya imperatoru I Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına “Erməni vilayəti” yaradılması barədəki fərmanı artıq azərbaycanlılar üçün gələcək dəhşətli günlərə rəvac vermişdir.
XX əsrin əvvəllərindən başlayaraq ermənilər planlı şəkildə xalqımıza qarşı etnik təmizləmə siyasəti yeritməyə başlamışlar. Bu siyasət nəticəsində mərhələli şəkildə kütləvi qətliamlar törədilmişdir.
Tədbir iştirakçılarının diqqəti xüsusilə 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə həyata keçirilən növbəti soyqırımı faktlarına cəlb edilmişdir. Göstərilmişdir ki, o vaxt Ağsu ərazisinin də daxil olduğu Şamaxı qəzasında ermənilər qəza mərkəzini və 86 kəndi dağıtmış, insanları kütləvi sürətdə qətlə yetirmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin mart soyqırımı aktının araşdırılması məqsədilə yaratdığı Fövqəladə İstintaq Komissiyasının təkcə 53 kənddə apardığı araşdırmanın nəticələrinə görə qəzada 8027 azərbaycanlı vəhşicəsinə öldürülmüşdür. Onlardan 2560 nəfəri qadın, 1277-si isə uşaqlar olmuşdur.
Ötən əsrin axırlarından başlayaraq ermənilərin Azərbaycan ərazilərində həyata keçirdikləri növbəti soyqırımının dəhşətli nəticələrindən də söhbət açılmışdır. Bildirilmişdir ki, Ermənistanın Azərbaycana sonuncu hərbi təcavüzü zamanı on minlərlə azərbaycanlı öldürülmüş, şikəst olmuş, torpaqlarımızın 20 faizi işğal edilmişdir.
Hərbi təcavüzün davam etdiyi 1988-1994-cü illərdə Xocalı soyqırımı və digər kütləvi qətliamlar, etnik təmizləmə, Dağlıq Qarabağ və ətraf rayonların işğalı faktları ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin heç birinin yerinə yetirilmədiyi diqqətə çatdırılmışdır.
Yığıncaqda belə bir fikir xüsusi vurğulanmışdır ki, xalqımıza qarşı planlı sürətdə aparılan soyqırımı və etnik təmizləmə siyasəti milli tariximizin faciəli səhifələri kimi qan yaddaşımızda daim yaşayacaq, torpaqlarımızın bütövlüyünün təmin olunmasında hər kəsi mübarizəyə səsləyəcəkdir.
Tədbirin sonunda iştirakçılar adından beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.