SOYQIRIMI QURBANLARININ XATİRƏSİ UNUDULMAZDIR
Səfirliyin foyesində düzəldilmiş stenddə martın 31-nin Azərbaycanlıların soyqırımı günü elan olunması haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı, tariximizin faciəli səhifələrini əks etdirən fotoşəkillər, habelə Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Tarixi həqiqətin soyqırımı” kitabı nümayiş etdirilirdi.
Səfir Ramiz Rizayev mərasimi açaraq dedi ki, 1998-ci ildən başlayaraq, Azərbaycanın faciəsi barədə həqiqətlər hər il beynəlxalq miqyasda yayılır, dünya ictimaiyyətinin diqqəti bu hadisəyə cəlb edilir. O, bu işdə xaricdəki Azərbaycan diasporunun rolunu xüsusi vurğulayaraq bildirdi ki, diasporumuz bu istiqamətdə səylərini gücləndirməlidir. R.Rizayev Ümumrusiya Azərbaycan Konqresinə və Azərbaycan ziyalılarına müraciət edərək, onları daha səmərəli ideoloji iş aparmaq və xalqımızın həyatında baş vermiş faciəli hadisələr barədə doğru-düzgün məlumat yaymaq üçün tövsiyələr və konkret təkliflər hazırlamağa çağırdı.
ÜAK Mərkəzi Şurasının üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Voprosı istorii” jurnalının baş redaktoru Əhməd İsgəndərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbdül Hüseynov, ÜAK-ın vitse-prezidenti, filologiya elmləri doktoru, “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikov, İslam Komitəsinin sədri Heydər Camal, ÜAK Mərkəzi Şurasının üzvü İqor Peçenev və başqaları çıxışlarında bildirdilər ki, xalqımıza qarşı soyqırımı faktını dünya birliyinin tanıması, erməni millətçiliyinə və terrorizminə siyasi və mənəvi qiymət verməsi üçün səylər gücləndirilməlidir.
Çıxışlarda ermənilərin Azərbaycana qarşı soyqırımı və təcavüzkarlıq siyasətinə dair faktları üzə çıxaran analitik mərkəzlər yaradılması barədə təkliflər irəli sürüldü.
Elə həmin gün dünya şöhrətli bioloq-alim, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin deputatı Cəlal Əliyevin Milli Elmlər Akademiyasının akademiki, coğrafiya elmləri doktoru Budaq Budaqovla birlikdə yazdığı və Moskvada nəşr edilmiş “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin “soyqırımı” kitabının təqdimatı keçirildi. Kitabın Moskvada nəşrində iştirak etmiş Rusiya tarixçisi İqor Peçenev ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, obyektiv məlumatın bütün səviyyələrdə dünya birliyinə çatdırılması üçün apardığı siyasəti xüsusi vurğuladı.