AZƏRTAC xəbər verir ki, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatı üçün Xüsusi Proqramının (SPECA) Bakıda öz işini yenicə başa çatdırmış iqtisadi forumunda SPECA regionuna daxil olan ölkələrin qlobal iqtisadiyyata inteqrasiyasının mümkünlüyündən də danışılmışdır. Vurğulanmışdır ki, region dünyanın iqtisadi cəhətdən xeyli inkişaf etmiş üç subyekti - 10 trilyon avrodan artıq ümumi daxili məhsul bazarına malik Avropa İttifaqı, dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri olan Çin və “Qoldmen Zaks” investisiya bankının proqnozuna görə, 2027-ci ilə Avropada iqtisadi cəhətdən ən güclü ölkəyə çevriləcək, ümumi daxili məhsulu 3 trilyon dolları keçəcək Rusiya ilə həmsərhəddir. Region həm də strateji əhəmiyyətli coğrafi vəziyyətlə xarakterizə edilir. Bu səbəbdən gələcəkdə Avropa və Asiya arasında avtomobil, dəmiryolu və boru kəməri nəqliyyatının mühüm qovşağı ola bilər.
Neft və qaz sektorunun inkişafı dünya miqyasında regionun strateji cəhətdən mühümlüyünü daha da artırır. Bu, çoxsaylı tərəfdaşlarla iqtisadi əlaqələri möhkəmləndirmək, əlverişsiz coğrafi vəziyyətlə bağlı maneələri aradan qaldırmaq üçün geniş perspektivlər açır.
Forumda xüsusi vurğulanmışdır ki, BMT-nin regional komissiyalarının nəqliyyat və ticarət əməliyyatlarının sadələşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin köməyi ilə sadalanan imkanlardan daha bacarıqla istifadə olunmalıdır. Əks təqdirdə bu ölkələrin bir çoxu iqtisadiyyatının öz istehsalında və xarici ticarətdə yüksək dərəcədə cəmləşməsi üzündən kənar sarsıntılar qarşısında kövrək vəziyyətdə qalarlar.