Standartlaşdırma İnstitutunun əməkdaşları Daşkənddə beynəlxalq seminarda iştirak ediblər
Bakı, 13 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşları Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Daşkənd şəhərində təşkil etdiyi “Gender Fəaliyyət Planı (GAP)” adlı beynəlxalq seminarda iştirak ediblər.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, seminarın əsas məqsədi ISO-ya üzv dövlətlərə milli Gender Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi yolu ilə müəssisə və təşkilatların fəaliyyətində gender bərabərliyi ilə bağlı konkret məqsədlərə nail olmaq üçün şərait yaratmaqdan, həmçinin Gender Fəaliyyət Planının monitorinqi və qiymətləndirilməsi üzrə biliklərin verilməsindən ibarətdir.
Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Özbəkistanın Texniki Tənzimləmə Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Makedoniya, Monteneqro, Qırğızıstan, Tacikistan olmaqla, ümumilikdə 30-dan çox ölkənin milli standartlaşdırma qurumlarının nümayəndələri iştirak ediblər.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.