Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın bölgələrinin inkişafına da təsir göstərəcək - AÇIQLAMA
Bakı, 13 fevral, AZƏRTAC
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri və səfər çərçivəsində iki dövlət arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Naxçıvan Muxtar Respublikası üçün xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin xarici siyasət kursu ABŞ ilə əməkdaşlıq əlaqələrinin güclənməsinə səbəb olub ki, bu da Azərbaycanın regionlarının sosial-iqtisadi aspektdən inkişafını təmin edir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Naxçıvan Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov deyib.
O bildirib ki, ilk növbədə muxtar respublika blokada şəraitindən tam çıxacaq, beynəlxalq bazarlarla əlaqələr yaradılacaq, idxal-ixrac əməliyyatları ilə yanaşı ticarət dövriyyəsinin də həcmi artacaq.
“Bütün bunlar iqtisadi inkişafa, insanların rifahının daha da yaxşılaşmasına imkan verəcək. Xartiyada Naxçıvan Muxtar Respublikası ilə maneəsiz bağlantını təmin edəcək, regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) - Zəngəzur dəhlizinin əhəmiyyətini qəbul edirlər. Azərbaycan təbii ki, bu dəhlizin əhəmiyyətini qəbul edir. Bu dəhliz dünyanın ABŞ kimi qüdrətli dövləti tərəfindən sadəcə siyasi bəyanatla dəstəklənmir. Bu iqtisadi layihə olduğu üçün rəsmi Vaşinqtonun diqqətini çəkir, onun Avropadakı müttəfiqlərinin Asiya ilə ticarət əlaqəsini asanlaşdırır. Həmçinin ABŞ-ın özü də Mərkəzi Asiya ilə əlaqələrini artırır. Beynəlxalq ticarət yolunun Naxçıvandan keçməsi ABŞ-ın maraqlarına cavab verirsə, deməli onun təhlükəsizliyinin təmin olunmasını da ABŞ ilə Azərbaycan birgə həyata keçirəcəklər.
Xartiya Azərbaycana, o cümlədən Naxçıvana sərmayə gətirəcək, biznesin inkişafına, dünya bazarlarına çıxışa imkan verəcək. Naxçıvanın böyük iqtisadi potensialı var. Bu potensiala sərmayə yatırmaqla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirmək olar”, - deyə A. Ağalarov əlavə edib.