Şükriyyə Axundzadənin həyatı haqqında məqalə ingilisdilli “Vikipediya”nın ana səhifəsində yer alıb
Bakı, 27 oktyabr, AZƏRTAC
İstiqlal şairimiz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadə haqqında məqalə “Vikipediya”nın ingilis dilindəki ana səhifəsinin “Bilirsinizmi...” (Did you know...) bölməsində yer alıb. Məqalədə ingilisdilli oxuculara Şükriyyə Axundzadənin faciəli həyatı haqqında dolğun məlumat verilir.
Bu barədə AZƏRTAC-a AMEA-nın Rəyasət Heyəti Aparatının Elektron Akademiya şöbəsinin baş mütəxəssisi, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk verib. O bildirib ki, könüllü tərəfindən “Vikipediya”nın Azərbaycan, türk, ingilis dili bölmələrində Şükriyyə Axundzadə haqqında məqalə yaradılıb. İngilis dili bölməsində yaradılan məqalə ingilisdilli istifadəçilərin diqqətini cəlb edib. Onlar məqalənin “Bilirsinizmi...” bölməsində yerləşdirilməsinə dəstək olublar. Nəzərə alaq ki, gündəlik “Vikipediya”nın ingilis dili bölməsinin ana səhifəsinin milyonlarla insan izləyir. Ana səhifəyə gündəlik baxış sayı 4 milyondan çox olur. Bu, təbliğat nöqteyi-nəzərindən də effektiv addımdır.
“Bu həm də Azərbaycan “Vikipediya” icmasının uğurudur. Ümumiyyətlə, son illər “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı fəallığın artması sevindirici haldır”,- deyə E.Eltürk qeyd edib.