SÜLEYMAN RÜSTƏMİN 100 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Süleyman Rüstəmin adı Azərbaycan ədəbiyyatına poeziyamızın klassik ənənələrinin parlaq davamçısı və bu ənənələri novator axtarışları ilə zənginləşdirən sənətkar kimi əbədi daxil olmuşdur. Şairin yaradıcılığında mühüm yer tutan Cənub mövzusunda yazdığı əsərlər XX əsr Azərbaycan şeirinin incilərindən sayılır. Sənət aləminin çox nüfuzlu simalarından biri olmuş Süleyman Rüstəm, eyni zamanda, ictimai-siyasi xadim kimi tanınmışdır.
Azərbaycanın xalıq şairi Süleyman Rüstəmin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Süleyman Rüstəmin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 6 fevral 2006-cı il.