Sumqayıt gəncləri Respublika Gününü qeyd ediblər
Sumqayıt, 28 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, fəal gənclər, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Baş İdarənin rəisi Elgün Hümbətov, Regional Mədəniyyət İdarəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməd Rəcəbli, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova Respublika Gününün tarixi əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay çətin ictimai-siyasi şəraitdə mövcudluğundan danışıblar. Həmçinin qeyd olunub ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa edib, onun qorunub saxlanmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyev müstəsna xidmətlər göstərib. Hazırda Ümummilli Liderin əsasını qoyduğu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiqlər diqqətə çatdırıblar ki, qısa müddət ərzində respublikanın hər yerində olduğu kimi, Sumqayıtda da sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa nail olunub.
Bayram tədbiri konsert proqramı ilə davam edib.