Sumqayıtdakı binalarda təbii qaz borularının üzərindəki bağlayıcı kranın başlıq hissəsi oğurlanır
Bakı, 2 noyabr, AZƏRTAC
Sumqayıtdakı binalarda təbii qaz borularının üzərindəki bağlayıcı kranın başlıq hissəsi oğurlanır.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bir neçə müddətdi Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən binalarda oğurluq halları baş verir. Fərdi olaraq və ya qrup halında şəxslər bina girişlərinə daxil olaraq təbii qaz borularının üzərində quraşdırılmış bağlayıcı kranın ştok hissəsini bərkidən bronza qaykaları oğurlayır. “Azəriqaz” İB-nin əməkdaşları yarana biləcək hər hansısa bədbəxt hadisənin qarşısını almaq məqsədilə sözügedən ünvana baxış keçiriblər. Dərhal qabaqlayıcı tədbirlərin icrasına başlanılıb. Belə ki, oğurlanan bronza qaykalar dəmir qaykalar ilə əvəzlənərək yerinə bərkidilib. Vaxtında tədbirlər görülməsə, payız-qış mövsümündə təzyiq tənzimləmələri zamanı bu cür hallarda problemlər ortaya çıxa bilər.
Abonentlərin təhlükəsizliyi və onların məmnuniyyəti “Azəriqaz” İB-nin əsas prioritetlərindən olduğundan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət olunub. Lakin buna baxmayaraq, oğurluq halları hələ də davam etməkdədir və abonentlər üçün bu hal istənilən anda təhlükəli vəziyyət yarada bilər.