Sumqayıtdakı məktəbin üç buraxılış sinfinin məzunlarının hamısı tələbə oldu
Sumqayıt, 1 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmət Qayıbov adına Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri ali məktəblərə builki tələbə qəbulu nəticələrinə görə rekorda imza atıb. Tədris ocağının üç buraxılış sinfinin məzunlarının hamısı tələbə adını qazanıb.
Məktəbin direktoru Kəmalə Hüseynova AZƏRTAC-a bildirib ki, məktəbin 11a, 11b, 11e sinifləri 100 faiz nəticə göstərərək ali məktəblərə qəbul olublar. Ümumilikdə məktəbi 11 sinif üzrə 163 şagird bitirib. Məzunlar arasında ən yüksək nəticəni Niman Nuriyev əldə edib. O, 646 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub.
K.Hüseynova əlavə edib ki, şəhərin ilk təhsil müəssisəsi olan məktəb yenidən tikilərək 2021-ci ildə istifadəyə verilib. Dördmərtəbəli müasir binada bütün lazımi şərait yaradılıb. Tədris müəssisəsində 123 pedaqoji işçi fəaliyyət göstərir. Yeni tədris ilində məktəbdə 2900-ə yaxın şagird təhsil alacaq.