SUMQAYITIN 2003-CÜ İLDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFINA YEKUN VURULMUŞDUR
Yığıncaq iştirakçıları ümummilli liderimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
İcra hakimiyyətinin başçısı görülmüş işlərdən danışaraq demişdir ki, sənaye, tikinti, nəqliyyat və telekommunikasiyanın, şəhər təsərrüfatı xidmətlərinin, sosial sahənin, sahibkarlığın inkişafının əsas istiqamətlərindən ibarət proqram, əsasən, yerinə yetirilmişdir. “Azərboru”, “Sumqayıt kompressorları” səhmdar cəmiyyətlərində, “Azəralüminium”un Sumqayıt sahəsində, kimya kompleksinin “Üzvisintez”, “Sintezkauçuk”, “Etilen-polietilen” müəssisələrində, habelə yüngül sənaye müəssisələrində daha çox uğur qazanılmışdır. İri sənaye müəssisələrində istehsalın həcmi 562,4 milyard manat təşkil etmişdir. Bu isə ötən ildəkindən 57 faiz çoxdur.
Ötən il müasir kərpiç zavodu istifadəyə verilmişdir. Uzun müddət dayanan kimya, metallurgiya və yüngül sənaye müəssisələrində bir sıra sexlərin işi bərpa edilmişdir. Bu, iş yerlərinin artmasına səbəb olmuşdur.
V.Əliyev bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezident Fərmanında Sumqayıtın problemlərinə xeyli yer ayrılmışdır. Həmin Fərmana uyğun olaraq, şəhərdə 3500 iş yeri, cari ildə isə 650 iş yeri açmaq nəzərdə tutulmuşdur. Sumqayıtlıların hazırladıqları sosial-iqtisadi inkişaf konsepsiyasının əsas hissələri bu Fərmana daxil edilmişdir. Onun həyata keçirilməsi üçün şəhərdə yaxşı elmi-texniki, iqtisadi potensial, ən başlıcası isə, insan potensialı – peşəkar kadrlar və alimlər vardır.
Hesabat məruzəsində vurğulanmışdır ki, keçən il tikinti, təmir, abadlaşdırma, yaşıllaşdırma işləri ilə yanaşı, sahibkarlığın inkişafına da böyük diqqət yetirilmişdir. İqtisadiyyatda, nəqliyyatda, xidmət sahələrində və şəhər büdcəsinin mədaxil hissəsində özəl sektorun payı xeyli artmışdır. Özünümaliyyələşdirmə əsasında yaradılmış nəqliyyat departamenti bu sahədə yaranmış bir çox ağrılı problemləri aradan qaldırmışdır. Hüquq-mühafizə orqanlarının sənaye müəssisələrinin və sahibkarların təsərrüfat fəaliyyətinə əsassız qarışması faktlarının qarşısının alınması müsbət təsirini göstərmişdir.
Son vaxtlar vətəndaşların yuxarı orqanlara müraciətləri xeyli azalmışdır ki, bu da şəhər icra hakimiyyətinin və onun strukturlarının insanların tələb və ehtiyaclarına diqqətinin artırılmasından xəbər verir.
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev bir sıra idarə, müəssisə və təşkilatların, o cümlədən mənfi halların kökünün hələ də kəsilmədiyi təhsil və səhiyyə müəssisələrinin rəhbərlərini kəskin tənqid etmişdir.
Fəallar yığıncağının yekunlarına əsasən qətnamə qəbul olunmuşdur.