“Şuşa 270 tarixdə” nəşri - “Şuşa İli”nə mühüm töhfə
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) layihəsi əsasında hazırlanan və qədim mədəniyyət paytaxtımız Şuşanın tarixinə həsr olunan “Şuşa 270 tarixdə” nəşri işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Şuşa İli”nə töhfə olan və nəfis tərtibatda hazırlanan kitabda 1752-ci ildə əsası qoyulmuş qədim Şuşamızla bağlı 270 taleyüklü hadisədən və bu diyarın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən bəhs edilir. Kitab Ulu Öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” müdrik kəlamı ilə başlayır. Ön sözdə müəllif Şuşanın adını uca zirvələrə qaldıran böyük şəxsiyyətlərin ruhlarının şad olduğunu bildirərək, tarixi Zəfərimizi bizə yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və şanlı Ordumuza minnətdarlığını ifadə edib.
Nəşrin ilk bölümü 1752-ci il “Şuşa şəhərinin əsası qoyuldu” sərlövhəli yazı ilə başlayır. Hadisələrin xronoloji ardıcıllıqla verildiyi əsərdə mədəniyyət paytaxtımız Şuşanın Qarabağ xanlığı, Rusiya imperiyası dövrlərində tarixi, İran şahları tərəfindən istilası ilə bağlı məqamlar əks olunub. Nəşrdə Ümummilli Lider Heydər Əliyevin Şuşaya böyük diqqət və qayğısı, Azərbaycana rəhbərliyi dövründə şəhərdə gördüyü işlər, həyata keçirilən tədbirlər geniş şəkildə işıqlandırılıb. Vurğulanıb ki, məhz Ulu Öndərin göstərişi əsasında tarixi abidələr bərpa edilib, Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük töhfələr vermiş şəxsiyyətlərin ev-muzeyləri təmir olunub, abidələri qoyulub, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikilib. Nəşrdə tarixi Zəfərimizdən sonra dövlətimizin başçısının rəhbərliyi ilə mədəniyyət paytaxtımızda infrastrukturun yenidən qurulduğu, Şuşanın mötəbər tədbirlərin mərkəzinə çevrildiyi, qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən mədəni və tarixi abidələrin bərpa edildiyi diqqətə çatdırılıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Şuşa 270 tarixdə” kitabı “Şuşa İli”nə mühüm töhfədir.
Qeyd edək ki, kitabın ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti Elxan Süleymanovdur. Nəşrin tərtibatı və elmi redaktəsi isə AVCİYA-nın “1905.az” saytının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevə məxsusdur.