İDMAN
“Şuşa” komandası futvoley üzrə beynəlxalq turnirin qalibi olub
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində futvoley üzrə beynəlxalq turnir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Futvoley Federasiyasının prezidenti, həmyerlimiz Vüsal Xəlilov turnirin açılış mərasimində çıxış edib, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə məlumat verib.
Ölkəmiz turnirdə “Şuşa” komandası ilə təmsil olunub. Komandamızın heyətində futvoley üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış ediblər.
Komandamız qrup oyunlarında Danimarka, Braziliya və BƏƏ komandalarına qalib gələrək qrup birincisi olub.
Daha sonra dörddəbir final mərhələsində Türkmənistan komandası ilə qarşılaşan “Şuşa” qələbə qazanaraq yarımfinala yüksəlib. İsrail komandasını məğlub edən komandamız finalda çox güclü İtaliya komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən final oyununda “Şuşa” italyanları 2:0 hesabı ilə məğlub edərək, turnirin qalibi adına sahib olub.
Qeyd edək ki, komandamız keçirdiyi bütün oyunlarda 2:0 hesabı ilə qalib gəlib.