Şuşada Qlobal Media Forumunun təşkili uğurlu siyasi və diplomatik gedişdir RƏY
Bakı, 20 iyul, AZƏRTAC
Münaqişə dövründə işğalın, tarixi zəfərimizdən sonra isə qələbəmizin rəmzinə çevrilən Cənubi Qafqazın incisi olan Şuşada keçirilən hər mötəbər tədbirə xarici qonaqların dəvət edilməsi özü özlüyündə uğurlu siyasi və diplomatik gedişdir. Bu həm erməni işğalını, həmin ərazilərdə törədilən vəhşilikləri və həm də qələbəmizdən sonra o torpaqlara bizim yanaşmamızı və böyük quruculuq işlərini ən gözəl şəkildə dünyaya çatdırmaq üsuludur. Ona görə də həmişə böyük diqqətin olduğu Şuşa Qlobal Media Forumunda bu dəfə də 53 ölkədən 160-a qədər xarici nüfuzlu qonağın iştirakı mühüm əhəmiyyət kəsb edirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.
X.Bəşirov qeyd edib ki, Azərbaycanın tarixi zəfəri, Cənubi Qafqazda son illərdə formalaşdırdığı yeni reallıqlar, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu və bütün bunların fonunda regionumuza və ölkəmizə artan diqqət bu tədbirdən də yan keçmədi. Dördüncü dəfə keçirilən Forum və burada müzakirə edilən məsələlər barəsində məlumatlar dünyanın bir sıra nüfuzlu media qurumlarında tirajlandı.
“Azərbaycan liderinin həmin tədbirdə səsləndirdiyi çox maraqlı fikirlərə və verdiyi əhəmiyyətli mesajlara istinadlar edildi. Hətta Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp belə özünün sosial şəbəkə hesabında Azərbaycan Prezidentindən sitatlar paylaşdı. Prezident İlham Əliyevin bu gün regionumuzda baş verən proseslərə, sülh və əməkdaşlıqla bağlı dialoq formatına maneçilik cəhdlərinə, dünyada baş verən hadisələrə, alovlanmaqda olan münaqişələrə və davam edən müharibələrə özünəməxsus yanaşması maraqla qarşılandı. Dövlət başçısı bir daha regionda yaratdığımız sülhün, təhlükəsizliyin və sabitliyin dövlətimiz və xalqımız üçün əsas qırmızı xətt olduğunu vurğuladı. Hazırda həm şimalımızda, həm də cənubumuzda davam edən münaqişə və müharibələrə münasibətdə də çıxış yolunun müharibə deyil, müzakirə və dialoq olduğunu bəyan etdi və tərəflərə tövsiyələrini çatdırdı. Azərbaycan rəhbəri ölkəmizin və regionumuzun səmimi və ədalətli olan bütün dövlətlərə və beynəlxalq təsisatlara açıq olduğunu, onlarla əməkdaşlıqda maraqlı olduğunu bildirməklə yanaşı, fərqli münasibət sahiblərinə də mesajını çatdırmış oldu. Bizimlə diktə dilində danışmağa çalışan təşkilatlara və bizə müstəmləkələrinin gözü ilə baxmağa cəhd edən dövlətlərə heç vaxt boyun əyməyəcəyimizi, heç bir iş birliyində olmayacağımızı açıq mətnlə bəyan etdi.
Hesab edirəm ki, çox böyük çətinliklər, uğurlu diplomatiya və müdrik siyasət hesabına Cənubi Qafqaz kimi həssas və əhəmiyyətli regionda kövrək sülh və sabitlik prosesinin yaradılmasına və qorunub saxlanmasına nail olan Prezident İlham Əliyevin bu uğurlu siyasəti ilə bağlı fikirləri növbəti dəfə onun öz dilindən eşitmək həm orda iştirak edən şəxslər, həm də beynəlxalq ictimaiyyət üçün olduqca maraqlı oldu. Bununla yanaşı, orada səsləndirilən mesajları və verilən bəyanatları da fərqli düşünən qüvvələrə növbəti bir xəbərdarlıq hesab etmək lazımdır”, - deyə X.Bəşirov qeyd edib.