Şuşadan dünyaya verilən mesajlar: Azərbaycanın gələcəyə baxışı RƏY
Bakı, 20 iyul, AZƏRTAC
IV Şuşa Qlobal Media Forumu qlobal informasiya məkanında baş verən dəyişikliklərin, media təhlükəsizliyi məsələlərinin və geosiyasi proseslərin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformalardan biri kimi əhəmiyyətini bir daha nümayiş etdirdi. Şuşadan dünyaya verilən mesajlar təkcə media gündəliyi ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycanın dövlətçilik fəlsəfəsini, milli prioritetlərini və gələcəyə baxışını da əks etdirir. Məhz buna görə də forumda səslənən hər fikir regional proseslərin fonunda ayrıca siyasi və strateji məna daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Forumun rəsmi açılış mərasimindəki çıxışında diqqət çəkən əsas istiqamətlərdən biri milli birlik və dövlətin gələcəyinə dair strateji baxış oldu: “Dövlətimizin başçısı vurğuladı ki, müasir qlobal geosiyasi şəraitdə, müxtəlif regionlarda müharibələrin, qarşıdurmaların və xarici təhdidlərin davam etdiyi bir dövrdə Azərbaycan üçün ən böyük təminat milli həmrəylik və öz gücünə arxalanmaqdır. Bu yanaşma ölkənin milli maraqlarının qorunması, müstəqil siyasətin davam etdirilməsi və dayanıqlı inkişafın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır”.
İctimai Birliyin sədri qeyd edib ki, Prezident İlham Əliyev xüsusilə gənc nəslə müraciət edərək onların vətənpərvər, iradəli, güclü və milli dəyərlərə bağlı şəkildə yetişməsinin vacibliyini vurğuladı. Milli kimliyin və ləyaqətin qorunması, güclü və iradəli gəncliyin formalaşması ölkənin davamlı inkişafının və gələcək uğurlarının əsas təminatıdır.
Fərid Şahbazlının sözlərinə görə, IV Şuşa Qlobal Media Forumunda səslənən bu mesajlar göstərdi ki, milli birlik, öz gücünə inam və milli kimliyin qorunması Azərbaycanın gələcək inkişaf strategiyasının əsas dayaqları olaraq qalır. Prezidentin gənc nəslə ünvanladığı çağırışlar isə bu strateji kursun davamlılığını təmin edəcək ən mühüm amillərdən biri kimi ön plana çıxır.